MÜŞAHİDƏ ŞURASI SƏDRİNİN ÖN SÖZÜ
2003-cü ildə fəaliyyətə başlayan “Ata” Şirkətlər Qrupu bu dövr ərzində sürətli inkişaf yolu keçərək iqtisadiyyatın müxtəlif sektorlarında fərqli şirkətlər qurmuş və Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutmuşdur.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və makroiqtisadi sabitliyin hazırkı iqtidar tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi, eyni zamanda, artıq ölkəyə axını başlamış neft gəlirlərinin istifadəsi strategiyasının düzgün müəyyən edilməsi nəticəsində ölkədə kiçik və orta, həmçinin iri sahibkarlığın inkişafı üçün dayanıqlı və münbit şərait yaranmışdır.
Azərbaycan strateji coğrafi mövqeyi səbəbindən ixracata istiqamətlənmiş regional istehsal və xidmət lideri olmaq potensialına malikdir. Bu günlərdə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan “Bakı – Ceyhan” neft kəməri istifadəyə verildi. Bütün türk dünyasının lideri olan Heydər Əliyevin dediyi və ürəklərə həkk etdiyi “iki dövlət – bir millət” şüarının bariz nümunəsi olan bu kəmər Azərbaycanın regionda və dünyada nüfuzunun daha da güclənməsini şərtləndirəcəkdir.
Azərbaycan iqtisadiyyatının artım tempinə görə dünyada ilk yerlərdən birini tutması bizi hədsiz dərəcədə sevindirir. Hər nə qədər iqtisadiyyatlarda sürətli artımların ardından nisbi bir yavaşlama gözlənilsə də, aparılan düzgün iqtisadi siyasət müsbət göstəricilərin qorunmasını təmin edəcəkdir. Azərbaycan artıq davamedici artım şəraitinə daxil olmuşdur və hazırda hədəf əhalinin rifah səviyyəsini yüksəldərək Avropa ölkələrinə çatmaq olmalıdır.
“Ata” Şirkətlər Qrupu da Azərbaycanın aparıcı şirkətlərindən biri olaraq, ölkəmizin iqtisadi inkişaf və əhalinin rifah səviyyəsinin yüksəldilməsində üzərinə düşən məsuliyyəti aydın surətdə dərk edir. Dünya təcrübəsi göstərir ki, ölkələrin iqtisadi inkişafının təmin edilməsində iri iqtisadi subyektlərin, holdinq tipli şirkətlərin rolu böyükdür.
“Ata” Şirkətlər Qrupu öz fəaliyyətini “Sinerji konsepsiyası” adlanan xüsusi konsepsiya əsasında həyata keçirir. Bu konsepsiyaya görə, müəssisələrin elə bir birləşməsi həyata keçirilir ki, bu birləşmə nəticəsində alınan mənfəət həmin müəssisələrin bir-birlərindən ayrı olaraq fəaliyyət göstərəcəkləri halda alacaqları mənfəətdən qat-qat artıq olur. Biz də elə bir birləşmə həyata keçiririk ki, bundan həm özümüz daha çox mənfəət əldə edir, həm də cəmiyyətimizə daha çox mənfəət veririk.
Ötən 3 ilə yaxın müddət ərzində önəmli nailiyyətlər əldə etmişik. Bunların sırasında ilkin olaraq qeyd etmək istədiyim “Ata” Şirkətlər Qrupunun ölkə üzrə regional şəbəkəsinin yaradılmasıdır. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev seçkiqabağı platformasında yaxın 5 il ərzində 600 min iş yerinin açılması tezisini irəli sürmüşdür. Bu vəzifənin yerinə yetirilməsində hökumət strukturları ilə yanaşı, iri bir biznes subyekti kimi öz məsuliyyətimizi və vəzifəmizi dərindən dərk edərək və strateji konsepsiyamızın əsas prinsiplərindən biri olan “Azərbaycanın iqtisadi gücü regionların iqtisadi gücü deməkdir” prinsipini əsas götürərək Xaçmaz, Gəncə, Şəmkir, Sumqayıt, Lənkəran, Mingəçevir, Əli Bayramlı, Yevlax, Göyçay şəhərlərində filiallarımızı yaratmışıq.
“Ata” Şirkətlər Qrupu hazırda fəaliyyətini beş sektor üzrə (maliyyə sektoru, sənaye və ticarət sektoru, turizm, inşaat və xidmət sektoru, rabitə və informasiya texnologiyaları sektoru, enerji sektoru) cəmləşdirməkdədir. Onların fəaliyyətini geniş şərh etmədən təkcə onu qeyd edim ki, 2005-ci il ərzində müxtəlif çeşidli kənd təsərrüfatı texnikası istehsalı üzrə ixtisaslaşan “AtaSənaye” MMC-nin törəmə şirkəti olan “Zəyəmkəndmaş” ASC-nin açılışı olmuşdur. Eyni zamanda, “AtaBank” 2005-ci ildə regionlarda 6 filial açmışdır və hər bir filial üçün ən müasir standartlara uyğun ofis binaları tikilmişdir.
2005-ci ilin mart ayında Yevlaxda, Əli Bayramlıda və aprel ayında Göyçayda, Mingəçevirdə, Lənkəranda və Sumqayıtda yeni filialları açılmışdır.
1 avqust 2005-ci il tarixində isə “AtaHoldinq” Şirkətlər qrupuna daxil olan “AtaTurizm”in 5+ ulduzlu “Excelsior Hotel Baku” mehmanxanasının rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi bizi xüsusi olaraq qürurlandırdı.
Bundan əlavə, ötən il “AtaSənaye” MMC-nin başlıca törəmə müəssisəsi olan “Şəmkir-Quşçuluq” MMC-də yenidənqurma işləri başa çatdırıldı və Azərbaycanda analoqu olmayan ən müasir texnologiya əsasında çalışan və yumurta istehsalı üzrə ixtisaslaşan fabrik işə düşdü. Fabrik 2006-cı ilin əvvəlində baş verən “quş qripi” böhranından da minimum itkilərlə çıxdı ki, bunda da onun öz fəaliyyətində müasir texnologiyalara əsaslanması mühüm rol oynadı.
Digər şirkətlərimizin nailiyyətləri sırasında isə “AtaSığorta” ASC-nin İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatını almasını, “AtaTexnologiya” MMC-nin Enterprise Resource Planning (ERP) sistemini Azərbaycan dilinə və qanunvericiliyinə uyğunlaşdıraraq yerli bazara çıxarmasını, “AtaBank” ASC-nin ADFİMİ-nin (Association of National Development Finance Institutions (DFIs) in Member Countries of the Islamic Development Bank) üzvü olmasını, “Ataİnşaat” MMC-nin “Excelsior Hotel Baku” mehmanxanasının tikintisini uğurla başa çatdırmasını qeyd edə bilərəm.
Xüsusi önəm verdiyimiz layihələrimizdən biri də “AtaAkademiya” layihəsidir. Köhnə metodları aradan qaldırıb bütün işçilərin yeni bilik və bacarıqlara olan ehtiyacını təmin etmək, həmçinin hazırda Azərbaycan üçün mühüm məsələlərdən biri olan insan resurslarının inkişaf etdirilməsinə öz töhfəmizi vermək üçün bu layihəni həyata keçirməyə qərar verdik.
Bu müddət ərzində ölkə daxilində olduğu kimi, ölkə xaricində də şəbəkəmizi genişləndirmişik. Belə ki, ötən müddət ərzində “AtaHoldinq” ASC-nin Gürcüstanda nümayəndəliyi açılmış və daha sonra Gürcüstanda “Ata” Şirkətlər Qrupuna daxil olan “AtaHoldinq-Gürcüstan” MMC törəmə şirkəti yaradılmışdır. Eyni zamanda, “AtaHoldinq” ASC Türkiyədə də nümayəndəliyini açmışdır. Beynəlxalq şirkət olmağı qarşısına hədəf kimi qoyan “Ata” Şirkətlər Qrupu mövcud xarici nümayəndəliklər və filiallar şəbəkəsinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, onun genişləndirilməsinə də mühüm önəm verəcəkdir. Hazırda “AtaHoldinq” ASC-nin Rusiya Federasiyasında və Şimali Kipr Türk Cümhuriyyətində nümayəndəliklərinin yaradılması istiqamətində işlər aparılır.
Önümüzdəki illərdə şirkətlərimizin daha da inkişaf edəcəklərinə və ümumi nəticəmizə müsbət baxımdan əlavə dəyər verəcəklərinə inandığımı bildirmək istəyirəm.
Əldə edilmiş bu münbit şəraitin daha da inkişaf etdirilməsi üçün hökumətimizə və bizlərə önəmli vəzifələr düşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə makroiqtisadi sabitliyin təmin edilməsi, neft gəlirlərinin bu sabitliyə mənfi təsir etməyəcək şəkildə ölkə iqtisadiyyatına yönləndirilməsi, bütün ölkə üzrə infrastruktur şəbəkənin ən müasir səviyyəyə çatdırılması, iqtisadi islahatların davam etidirilməsi ilə investisiya mühitinin daha da təkmilləşməsi istiqamətlərində hökumətimizin önəmli uğurlara imza atacağına əmin olduğumu bildirmək istəyirəm. Azərbaycanın demokratik dəyərlərə və bazar iqtisadiyyatı prinsilərinə sadiqlik nümayiş etdirməsi həm ölkə ictimaiyyətində, həm də xarici iqtisadi çevrələrdə müsbət və ümidli bir atmosfer yaratmışdır.
Əldə etdiyimiz nəticələrdən aldığımız cəsarətlə qarşıdakı illərdə işlərimizi daha da böyütmək, mənfəətliliyimizi artırmaq, üzərimizə düşən sosial məsuliyyətləri artıqlaması ilə yerinə yetirmək niyyətindəyik. Bununla da, “Ata” Şirkətlər Qrupu “Sinerji, Azərbaycan üçün...” şüarını əsas götürərək ölkə iqtisadiyyatındakı lider rolunu daha da gücləndirəcək, beynəlxalq bir Azərbaycan şirkəti olaraq əmin addımlar ilə irəliləyəcəkdir.
“Ata” Şirkətlər Qrupunun bu səviyyəyə gəlməsində və müvəffəqiyyətli nəticələr əldə etməsində çox önəmli iştirakları olan müştərilərimizə, səhmdarlarımıza, idarəçilərimizə və çalışanlarımıza dərindən təşəkkür edirəm.
Ahmet Erentok
Müşahidə Şurasının sədri